Pekində müttəfiq axtarışı: Əvvəl Tramp, sonra Putin

11:11 21.05.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Donald Trampın Çinə səfərindən cəmi bir həftə sonra Rusiya prezidenti Vladimir Putinin Pekinə iki günlük ziyarəti dünyada qızğın müzakirə olunur. Əlbəttə, ABŞ və Rusiya - iki əks-qütblər arasında gedən uzun illərin siyasi rəqabəti başadüşüləndir, amma məhz indi, Ukraynaya hərbi təcavüzündən sonra  ciddi qlobal hərtərəfli sanksiyalara məruz qalan Rusiyanın timsalında Putinin və dünyaya meydan oxuyan “güclüyəm” prinsipi ilə hərəkət edən Trampın təxminən eyni vaxtda, bu iki liderin qarşılıqlı mübarizəsini kənardan seyr edən Çinə səfəri daha çox elə bu prizmadan şərh olunur.

Fərqli məqsədlər

Fikrimcə, iki rəqib liderin səfərinin məqsədində bir fərq var: Tramp sırf siyasi-hərbi, Putin isə iqtisadi dəstək axtarır və bu fikri beynəlxalq şərhçilər də təsdiqləyir. Məsələn, Pekində yerləşən Çin və Qloballaşma üzrə beyin mərkəzinin baş katibinin müavini Vanq Ziçen deyib: "Trampın səfəri dünyanın ən vacib ikitərəfli münasibətlərini sabitləşdirməklə, Putinin səfəri isə uzun müddətdir davam edən strateji tərəfdaşlığı əmin-amanlıqla təmin etməklə bağlıdır".

Vanq əlavə edib ki, "Çin üçün bu iki yol bir-birini istisna etmir".

ABŞ-ın iqtisadi-maliyyə problemləri yoxdur, bütün dünya onun ticarət tərəfdaşıdır və onun əlində dünyanın ən güclü silahı olan dollar var. Vaşinqton istədiyi an dünyanın bütün dövlətlərinə ticarət faizləri tətbiq etməklə yanaşı, həm də dolları silah əvəzinə istifadə etməklə ağır zərbələr vura bilir. Hansı ki, bunu məhz Trampın ikinci dəfə hakimiyyətə gəldiyi gündən indiyədək görə bilirik. O cümlədən, Çin də Trampın bu təzyiqləri ilə mübarizə aparmaqdadır...

Bir maraqlı məqam da var: ABŞ Çin dövləti ilə uzun illərdir qlobal miqyasda iqtisadi-siyasi müstəvidə rəqabətdədir və xüsusilə, Tayvan problemi iki ölkə arasında çox ağrılı problemə çevrilib. Separatçı Tayvan liderlərini dəstəkləyən ABŞ bundan Çinə təzyiq vasitəsi kimi istifadə etməkdədir. Amma gündən-günə böyüyən və güclənən Çinin qarşısında vəziyyəti tədricən daha da çətinləşən Vaşinqton zaman-zaman xoşməramlı və barışdırıcı təsir bağışlayan jestlər də edir. Onlardan biri də məhz səkkiz il yarımdan sonra Trampın Çinə səfəridir.

Bu arada, Tayvan məsələsində də Tramp bu dəfə yumşaq davranır. Məsələn, o, səfər zamanı “Biz 9500 mil uzaqda müharibə aparmaq istəmirik” deməklə mövqeyini dəyişdirə biləcəyini çatdırıb.

Onu da yada salaq ki, ABŞ prezidenti dekabrda Tayvan üçün raketlər, dronlar, artilleriya sistemləri və hərbi proqram təminatı da daxil olmaqla 11 milyard dollarlıq silah paketini imzalasa da, hələlik razılaşmaya yekun təsdiq vermədiyini və bunun "Çindən asılı olduğunu" bildirib. Yəni öz dili ilə desək, Tayvan ABŞ-ın əlində Çinə təzyiq vasitəsindən başqa bir şey deyil.

Ənənəvi dost

Rusiya isə Çinlə zatən yaxşı əlaqələrə malikdir. Hələ SSRİ zamanında kommunist blokunda Çinlə birlikdə olan Rusiya, xüsusilə, Ukraynaya qarşı qanlı müharibəyə başladıqdan sonra Pekini tərəfinə çəkməyə çalışmaqla beynəlxalq sanksiyaların təsirini maksimum azaltmağa səy göstərib. Bu, yuxarıda da qeyd etdiyimiz kimi, siyasi deyil, sırf iqtisadi-ticarət müstəvidə baş verib. Bütün Qörb ölkələri ilə ticarəti az qala sıfırlanan Rusiya satışından ən çox pul qazandığı neft və qazı məhz Çinə (həm də Hindistana – V.T.) satmaqla büdcəsini kəsirdən qorumaq istəyir. Məlumata əsasən, ötən il Rusya ilə Çin arasında illik ticarətin həcmi 234 milyard dollar olub (əvvəlki il 248 milyard dollar – V.T.) və bununda böyük hissəsi məhz Rusiyanın Çinə satdığı karbohidrogen məhsulların payına düşür.

Amma Rusiya Avropa ilə ticarətində yaranan kəsirləri qlobal yüksələn bazar - Çin vasitəsilə əvəzləməyə səy göstərir və Putinin Pekində imzaladığı 40 yeni sənəd buna bariz sübutdur.

Bir maraqlı məqam da var: Tramp ABŞ-ın ondan çox biznes lideri ilə Çinə səfər etdiyi halda, Putin Pekinə ikiqat sayda biznes nümayəndəsi, beş baş nazir müavini, səkkiz nazir, bir neçə regional qubernator və Rusiyanın mərkəzi bankının rəhbəri ilə uçub.

Yeri gəlmişkən, hava limanında Pekinə sayca 25-ci səfərini edən Çin dostu Putini bu ölkənin xarici işlər naziri qarşılayıb...

Ən böyük ticarət tərəfdaşı

Çinin ABŞ ilə də ticarəti yüz milyardlarla dollar həcmindədir, amma burada ticarət xeyrinədir. Təsəvvür edin ki, ötən il ABŞ ilə Çin arasında qeydə alınmış 560 milyard dollarlıq ticarət əməliyyatının 420 milyard dolları məhz Çinin Birləşmiş Ştatlara ixracının pyına düşür. Onu da nəzərə alaq ki, hələ ötən il ikitərəfli ticarətin həcmi 19 faizədək azalıb deyə bu rəqəm alınıb. Bu səbəbdən də Tramp və komandası Çinə qarşı nə qədər hay-küy salsa da, ABŞ hökuməti iqtisadi gerçəkliyi gözardı edə bilməz, mütləq Çinlə yaxşı tərəfdaşlığı qoruyub saxlamağa məcburdur. Yəni, necə ki, Rusiya ayaqda qalmaq üçün Çinlə əlaqələrini inkişaf etdirməkdə maraqlıdır, ABŞ da eyni cür əməkdaşlığı davam etdirmək məcburiyyətindədir.

Tramın Pekinə səfəri sadəcə iqtisadi əlaqələrlə deyil, əvvəldə qeyd etdiyimiz kimi, qlobal siyasi-hərbi müstəvidə dəstək almaqdır. Məsələn, Çin Körfəz münaqişəsində dəstək versin, ən azından tərəfsiz qalsın deyə Tramp məhz iqtisadi baxımdan bəzi güzəştlərə getməyə hazırdır və gedir də. ABŞ lideri başa düşür ki, qarşısında sadəcə nüvə silahına söykənən Rusiya və ya onillərdir adi təhlükəsizliyini belə Amerika ordusuna tapşırıb sadəcə xəzinələrini dolduraraq dünyaya insan haqları dərsi verən Avropa deyil, Yer kürəsini qlobal ticarət-iqtisadi əməkdaşlıq toruna bürüyən Çin dayanır və onunla dil tapmağa məcburdur.

Bu arada, böyük rəqib və bəzən düşmən olan ABŞ prezidentini hava limanında Çinin vitse-prezident qarşılayıb...

Tramp istədiyini aldı

Keçmiş ingilis kəşfiyyat zabiti Skott Ritter Rusiya rəhbərinin Çinə səfəri ilə bağlı deyib ki, Çin ABŞ prezidentindən fərqli olaraq, Putinin gəlişini həmişə məmnuniyyətlə qarşılayıb.

"Donald Trampın təyyarəyə minib uçduğunu görmək ən böyük rahatlama idi. Çünki indi qlobal məsələləri müzakirə etməyə başlaya bilərik”, - Ritter deyib.

Politoloq Yuri Svetov bildirib ki, ABŞ və Rusiya prezidentlərinin Çinə səfəri birbaşa əlaqəli deyil. O, hər iki liderin səfərlərinin hazırkı hadisələrdən çox əvvəl planlaşdırıldığını, bir səfərin digərinə reaksiya olmadığını vurğulayıb.

"Hazırda media ABŞ və Rusiya liderlərinin Çinə səfərlərini belə şərh etməyə çalışır: Tramp Çinə səfər etdi və Putin dərhal ora uçdu. Bu, doğru deyil. Ağ Ev rəhbərinin səfəri, Rusiya liderinin səfəri kimi, xeyli əvvəl planlaşdırılmışdı" deyən ekspert qeyd edib ki. Trampın əslində martda Çinə gəlməsi planlaşdırılırdı. Lakin İrandakı hərbi münaqişə səbəbindən səfər təxirə salındı”, - o deyib.

Səfərlərin özləri müstəqil olsa da, politoloq müzakirə mövzularının qaçılmaz olaraq üst-üstə düşdüyünə inanır. Svetov hesab edir ki, Amerika tərəfi çinli tərəfdaşları ilə söhbətlərində digər məsələlərlə yanaşı, Ukrayna müharibəsindən də danışıb. Putin də həmçinin, Çin prezidenti ilə görüşdə təbii ki, Yaxın Şərqdəki vəziyyətə və ABŞ-İran müharibəsinə toxunacaq.

Svetov həmçinin amerikalı analitiklərin açıqlamalarını xatırladıb. Onlar iddia edirlər ki, Tramp Si Cinpinə Rusiyaya dəstəyini dayandırması üçün təsir göstərməyə çalışacaq. Bundan əlavə, Putinlə telefon danışığı zamanı ABŞ prezidenti Rusiyanın Çinə kömək etməməsini istəyib. "Bu, Amerikanın ümumi taktikasıdır - parçala və hökm sür", - deyə ekspert əlavə edib.

Moskva Ali İqtisadiyyat Məktəbinin Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktor müavini Dmitri Suslov isə bu qənaətdədir ki, Donald Trampın Çinə səfəri normal keçib və uğurlu sayılmalıdır.

"Mən şəxsən "Strategic Culture"dən fərqli olaraq, Si Cinpinlə görüşü Donald Tramp üçün tam uğursuzluq adlandırmazdım. O, gözlədiyini aldı", - deyə o, bildirib.

Eyni zamanda, Suslov qazanc və güzəşt balansının açıq şəkildə Çinin xeyrinə olduğunu vurğulayıb. Ekspert qeyd edib ki, səfərdən sonra iki ölkə arasında rəqabət qalacaq, lakin daha idarəolunan hala gələcək. ABŞ və Çin gərginliyin kəskin şəkildə artmasının qarşısını ala biliblər və Tramp administrasiyası Çinlə birbaşa hərbi qarşıdurmaya və ya yeni iqtisadi müharibəyə hazır deyil.